İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan-Türkiyə münasibətləri

 

Türkiyə  9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.

 

Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqust ayında açılmışdır. 1993-cü ilin yanvar ayında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın Baş konsulluqları təsis edilmişdir. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.

 

Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri (siyahı) ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.

 

Son 25 ildə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş, 15 sentyabr 2010-cu ildə İstanbulda imzalanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə ilə təsbit olunmuş YSSƏŞ-in mütəmadi keçirilən iclasları iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhvəsini vermişdir. Şuranın 25 oktyabr 2011-ci ildə İzmir şəhərində ilk iclası keçirilmiş, 11-12 sentyabr 2012-ci il tarixində Qəbələ şəhərində 2-ci, 2013-cü ilin 12-13 noyabr tarixlərində Ankarada 3-cü, 2015-ci ilin 14-15 yanvar tarixlərində Ankarada 4-cü, 15 mart 2016-cı il tarixində Ankarada 5-ci və 31 oktyabr 2017-ci il tarixdə isə Bakıda 6-cı iclası keçirilmiş, iclasların yekununda bütün sahələrdə əlaqələr müntəzəm nəzərdən keçirilmiş və bir çox sahələrə dair əməkdaşlığa dair mühüm sənədlər imzalanmışdır.  

 

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və 30 oktyabr 2017-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikası Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuş  “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbili-Qars dəmir yolu layihəsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhvəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Birgə əməkdaşlıq və təşəbbüs ilə inşası davam etdirilən, artıq XXI Əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə və Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığının növbəti məhsulu olacaqdır. Bu layihələr iki ölkənin regional qüvvəsini artıraraq qlobal mövqelərini möhkəmləndirir.

 

Azərbaycan və Türkiyənin Gürcüstan, İran İslam Respublikası, Türkmənistan ilə ayrılıqda üçtəfərli formatda əməkdaşlığı da regional təhlükəsizlik, sabitlik və rifaha öz töhfəsini verməkdədir.

 

Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edir və iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi davam etdirilir.

Türkiyə və Azərbaycan arasında bugünədək bütün sahələri əhatə edən 200-dən artıq imzalanmış sənədə malik hüquq-müqavilə bazası da daim genişlənməkdədir.


 

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu istiqamətdə ilkin olaraq 1 noyabr 1992 tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmış, 23 yanvar 1993 tarixindən isə qüvvəyə minmişdir.

İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur.

Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir. Bunlardan xüsusilə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə kimi mexanizmləri vurğulamaq olar.

Digər tərəfdən, ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilmiş və hal-hazırda reallaşdırılmaqdadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri bu baxımdan ən yaxşı nümunələrdir.

BTC layihəsinin reallaşdırılması istiqamətində mühüm bir addım kimi, 29 oktyabr 1998 tarixində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri arasında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin tikintisi ilə bağlı "Ankara Bəyannaməsi" imzalanmış, 18 noyabr 1999 tarixində isə ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair" Sazişə imza atılmışdır. 13 iyul 2006 tarixində Türkiyənin Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir.

BTC kimi Bakı-Tbilisi-Ərzurum qaz kəməri də iki ölkə arasındakı regional xarakterli ən mühüm layihələrdən biridir. 2007-ci ildən etibarən bu xətt ilə Türkiyəyə qaz nəqlinə başlanmışdır. Türkiyə ilə Yunanıstan arasında qaz boru sistemlərinin birləşdirilməsindən sonra isə Azərbaycan üçün bu kəmər vasitəsilə Avropa İttifaqı ölkələrinə qaz ixracı mümkün olmuşdur. BTC əsas ixrac boru kəmərinin fəaliyyətə başlaması, BTƏ qaz boru kəmərinin istismara verilməsi və bununla da, Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imkanı əldə etməsi ölkələrimizin imkanlarını daha da genişləndirmişdir.

Nəqliyyat infrastrukturunun diversifikasiyası, beynəlxalq yük və sərnişin daşımalarının ölkələrimizin ərazisindən tranzitinin daha da artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biri ölkələrimizin rəhbərlərinin təşəbbüsü və iradəsi ilə “Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti” layihəsinin reallaşdırılması olmuşdur.

İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə - TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlanlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaqdır.

Türkiyə və Azərbaycan arasındakı ticarət həcmi 1993-cü ildən etibarən davamlı artım meyli göstərmişdir. Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. Azərbaycanda fəaliyyət göstərən 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza investisiyalarının həcmi təxminən 10 milyard dollar məbləğində olmuşdur. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir.

Son illər isə Azərbaycandan Türkiyəyə investisiya qoyuluşlarında mühüm artım müşahidə olunmaqdadır. Belə ki, hazırda Türkiyədə Azərbaycan sərmayəli 2000-ə yaxın şirkət fəaliyyət göstərməkdədir. yalnız Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki investisiyalarının ümumi həcmi 2016-cı ildə 12,6 milyard dollara çatmışdır. Bununla da, Türkiyədə investisiya qoyan Azərbaycanlı iş adamları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir.

 
 
bakushop_1