Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi sahədə əlaqələr 1992-ci ildə yaradılmışdır. Azərbaycan müstəqilliyini yenidən qazandıqdan sonra iki dövlətin hərbi əməkdaşlığı hər zaman yüksələn xətlə inkişaf etmişdir, daima zənginləşmiş və dərinləşmişdir.
İkitərəfli hərbi münasibətlər təcrübə mübadiləsi, hərbi təhsil və təlim, o cümlədən müxtəlif yerlərdə keçirilən birgə təlimlər, şəxsi heyətin mübadiləsi, hərbi maliyyə əməkdaşlığı, hərbi tibb sahəsində təhsil və əməkdaşlıq, müdafiə sənayesi kimi sahələri əhatə edir.
Hazırda Türkiyə Respublikasının hərbi təhsil və təlim müəssisələrində Azərbaycan Ordusunun çox sayda hərbi qulluqçusu təhsil alır. Eyni zamanda, bu günədək Türkiyə Respublikasında keçirilən müxtəlif ixtisas kurslarında Azərbaycan Silahlı Qüvvələrinin çox sayda nümayəndəsi iştirak etmişdir.
1996-cı ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarının ödənilməsi məqsədilə Türkiyə Respublikası tərəfindən təmənnasız hərbi yardım göstərilmişdir. Hərbi yardım çərçivəsində müxtəlif növ hərbi təchizat təmənnasız olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilmişdir.
2007-ci ildən etibarən Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında hər il bir ölkədə olmaqla Yüksək Səviyyəli Hərbi Dialoq (YSHD) İclası keçirilir. YSHD çərçivəsində siyasi-hərbi, müdafiə sənayesi, maddi-texniki təminat və digər kimi sahələrdə yardımçı işçi qruplar fəaliyyət göstərir.
Bundan əlavə, Azərbaycan Türkiyənin “ASELSAN”, “HAVELSAN”, “AYESAŞ”, “METEKSAN”, “Maşın-Kimya Sənayesi Qurumu”, “MilSOFT”, “Netaş”, “Türk Aerokosmik Sənayesi” hərbi sənaye şirkətləri ilə hərbi texniki sahədə əməkdaşlıq həyata keçirir.
2015-ci ildən ikitərəfli əlaqələrin möhkəmlənməsi, əməliyyat uyarlılığının inkişaf etdirilməsi və təcrübə mübadiləsi məqsədilə Silahlı Qüvvələrimiz arasında ilk şəxsi heyət mübadiləsinə başlanılmışdır. 2015-ci ildə taqım komandiri səviyyəsində, 2016-cı ildə bölük, batareya komandiri səviyyəsində şəxsi heyət mübadiləsi həyata keçirilmişdir.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair Protokol”a əsasən iki ölkənin silahlı qüvvələri arasında şəxsi heyət mübadiləsinin aparılması məqsədilə qərargah vəzifələrinin siyahısı qarşılıqlı olaraq razılaşdırılmış və sözügedən mübadilə üzrə 2020-ci ilin ikinci yarısından etibarən mərhələli şəkildə həyata keçirilməyə başlanılmışdır.
2016-cı ildə azərbaycanlı ailələrin Türkiyəyə, türk ailələrinin isə Azərbaycana səfəri həyata keçirilmişdir. 2018-ci ildən etibarən hərbi və mülki heyətin sosial və mədəni məqsədli qarşılıqlı mübadiləsi həyata keçirilir. Son səfər 2019-cu ilin iyul-avqust aylarında həyata keçirilmişdir. Növbəti qarşılıqlı səfərlərin 2022-ci il ərzində həyata keçirilməsi planlaşdırılır.
19 dekabr 2018-ci il tarixində Türkiyə və Azərbaycan arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında imzalanmış Protokola əsasən, Türkiyə Respublikası hər il Azərbaycan Respublikasından 100 xəstəyə (onlardan 6 xəstəyə qaraciyər, böyrək və ya sümük iliyi transplantasiyası, 2 xəstəyə ortopedik protezləşdirmə edilə bilər) ödənişsiz müalicə xidməti göstərə bilər.
İki dövlətin müdafiə sahəsində əməkdaşlığı ikitərəfli formatla yanaşı, çoxtərəfli müstəvidə uğurla davam etdirilir. Bu istiqamətdə əməkdaşlıq beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən təlim-tədris proqramları, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak, Kiber təhlükəsizlik və digər sahələri əhatə edir.
Təhsil məsələləri
Azərbaycan-Türkiyə əlaqələrinin ən mühüm əhəmiyyət kəsb edən və nəticələri daha aydın görünən istiqamətlərindən biri də təhsildir. Ötən 30 il ərzində iki qardaş ölkə arasında təhsil sahəsində çoxtərəfli əməkdaşlığı həyata keçirmək üçün lazımi hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Xarici İşlər, Milli Təhsil və Dövlət Nazirlikləri arasında imzalanmış Niyyət Protokolu (Bakı, 28 fevral 1992), Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında elmi, texniki, sosial, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında Protokol (Ankara, 9 fevral 1994), Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Niyyət Protokolu (Ankara, 30 noyabr 1995), Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında imzalanmış təhsil və elm sahəsində əməkdaşlıq Protokolu (Bakı, 1 mart 1997), Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Niyyət Protokolu (Ankara, 30 may 1997) kimi sənədlərdə təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığı, o cümlədən qarşılıqlı tələbə mübadiləsini təmin edən müddəalar öz əksini tapmışdır.
Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq tarixində xüsusi səhifələrdən biri də 2000-ci ilin dekabrın 1-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında imzalanmış təhsil və elm sahəsində əməkdaşlıq Sazişidir. Məhz həmin Sazişə əsasən formalaşmış Birgə Komissiyanın fəaliyyəti nəticəsində Azərbaycan ali məktəblərinin müvafiq ixtisaslarının tanınması sahəsində irəliləyişlərə nail olunmuşdur.
Azərbaycan-Türkiyə təhsil əlaqələri 2000-ci ildən sonra da yüksələn xətt üzrə inkişaf etmişdir. Çox sayda qarşılıqlı səfərlər təşkil olunmuş, keçirilən görüşlər zamanı əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli kadrların hazırlanması üçün peşə təhsilinin əhəmiyyəti diqqətə alınaraq, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyənləşdirdiyi hədəflər çərçivəsində peşə təhsili sahəsində təcrübənin öyrənilməsi ilə bağlı bir sıra praktiki işlər görülmüşdür. 22 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasinin təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə qərar verilmişdi.
31 oktyabr 2017-ci il tarixində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ali Təhsil Şurasının rəhbəri Yekta Saraç tərəfindən imzalanmışdır.
Digər vacib bir müqavilə isə 19 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası zamanı Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk arasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un imzalanması olmuşdur. Sözügedən Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini, Azərbaycanda Türkiyə Respublikasının təcrübəsinə əsaslanan iki yeni peşə təhsili müəssisəsinin yaradılmasını və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini nəzərdə tutur.
Türkiyə Respublikasında hazırda 24000-dən artıq Azərbaycan Respublikası vətəndaşı ali təhsilin müxtəlif pillələri (bakalavr, magistratura, doktorantura, rezidentura və s.) üzrə təhsil alırlar.
Mədəniyyət sahəsi
Azərbaycan müstəqilliyini yenidən qazandıqdan və Türkiyə ilə diplomatik münasibətlər qurulduqdan sonra iki dövlət arasında mədəniyyət sahəsində əməkdaşlıq da yüksələn xətlə inkişaf etməyə başlamışdır. Bu məqsədlə müvafiq hüquqi baza da formalaşmış və gərəkli müqavilələr imzalanmışdır. Bu xüsusda, aşağıdakı beynəlxalq hüquqi bazanı xüsusilə qeyd etmək olar:
- 1992-ci ilin 2 noyabr tarixində Ankara şəhərində Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş;
- 1994-cü ilin 9 fevral tarixində Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Protokol;
- 2004-cü ilin 13 aprel tarixində Ankara şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında mədəni əməkdaşlıq haqqında Protokol;
- 2018-ci il 25 aprel tarixində Ankara şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş.
Azərbaycan və Türkiyə eyni mədəniyyəti paylaşmaqla yanaşı, iki dövlətin hər birinə xas olan bəzi xüsusi mədəni sərvətlər də vardır və onların təbliği, qəbul edilməsi və sevilməsi vacibdir. Bunun üçün qarşılıqlı olaraq mədəniyyət günləri keçirilir, hər iki dövlətin tanınmış sənətçilərinin əsərləri ali təhsil müəssisələrində tədris olunur, mütəmadi olaraq ictimaiyyətə təqdim edilir və əhali tərəfindən yüksək rəğbətlə qarşılanır. Bu kimi hallar da təbii olaraq iki qardaş xalqı bir-birinə daha da yaxınlaşdırır.
Ortaq dəyərləri paylaşan iki xalqın mədəniyyət sahəsində əlaqələri sadəcə dövlət qurumları çərçivəsində həyata keçirilən əməkdaşlıqla məhdudlaşmır, iki qardaş xalqın bir-biri ilə olan təmasları mədəni əlaqələrin inkişafına mühüm töhfə verir.
1991-ci ildən sonra Azərbaycandan gələn sənətçilər qardaş Türkiyənin mədəniyyətinə öz töhfələrini verməklə yanaşı, burada öz milli mədəniyyətimizi daha yaxşı tanıtmağa da nail olublar. Bu gün Türkiyənin müxtəlif bölgələrində minlərlə mədəniyyət abidəsi azərbaycanlı rəssamlar və ya onların tələbələri tərəfindən hazırlanmışdır. Türkiyə ali təhsil müəssisələrində çalışan bir çox azərbaycanlı professor müvafiq universitetlərin mədəniyyət sahəsindəki fərqli fakültələrinin yaradılması və ya inkişafında müstəsna rol oynayıblar.
Qarşılıqlı olaraq mədəniyyətlərin təbliğində “qardaş şəhər” institutları mühüm rol oynayır. Bu günə qədər 100-ə yaxın şəhər və rayonu arasında “qardaşlaşma” əlaqələri qurulmuşdur. Bunun sayəsində bölgələrdə yaşayan insanlar hər bir-birinin mədəniyyəti ilə tanış olur, müvafiq bölgələrin ənənələri, incəsənəti və xalq adətləri ilə qarşılıqlı təşkil edilən tədbirlər regionlarda yüksək maraqla qarşılanır. Bu da iki qardaş xalqı bir-birinə daha da yaxınlaşdırır.
Azərbaycan və Türkiyənin mədəniyyət sahəsində əməkdaşlığı sadəcə qarşılıqlı olaraq iki dövlətin mədəniyyətinin təbliği ilə məhdudlaşmır. İki qardaş dövlət dünyada bu sahədə ortaq türk mədəniyyətinin tanıdılması və qəbul edilməsi üçün də mühüm işlər görür.
TÜRKSOY Daimi Şurasının 2022-ci il martın 31-də Bursada keçirilən növbədənkənar iclasında Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhəri 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir.
Digər sahələr
Dövlətlərarası münasibətlərin elə bir sahəsi yoxdur ki, Azərbaycan və Türkiyə arasında həmin sahədə yüksək səviyyəli əməkdaşlıq münasibətləri qurulmasın. Yuxarıda qeyd olunanlara əlavə olaraq, iki dövlət səhiyyə, sosial müdafiə, ətraf mühit, kosmik fəza, yüksək texnologiyalar, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təbii sərvətlər, müharibə qazilərinin reabilitasiyası və s. Bütün bu sahələr gündəlik əsasda fərqli dövlət qurumları səviyyəsində icra olunur, eləcə də bu və mümkün başqa sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün müvafiq addımlar atılır.