Azərbaycan ilə Türkiyə arasında iqtisadi münasibətlər Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən dinamik inkişaf edərək iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən birinə çevrilmişdir. İkitərəfli iqtisadi əlaqələrin hüquqi əsasını 1 noyabr 1992-ci ildə imzalanmış və 23 yanvar 1993-cü ildə qüvvəyə minmiş “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” təşkil edir. Sonrakı dövrdə iqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və hüquqi-müqavilə bazasının təkmilləşdirilməsi məqsədilə bir sıra mühüm addımlar atılmışdır.
İkitərəfli iqtisadi əməkdaşlığın institusional mexanizmləri sırasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Hökumətlərarası Birgə İqtisadi Komissiya və müxtəlif sahələr üzrə fəaliyyət göstərən digər birgə mexanizmlər xüsusi yer tutur. Bu mexanizmlər çərçivəsində ticarət və investisiya, sənaye, enerji, nəqliyyat, logistika və digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müntəzəm iş aparılır. 22 dekabr 2025-ci ildə Bakıda keçirilmiş Komissiyanın 12-ci iclasında 110 bənddən ibarət yeni Fəaliyyət Planının qəbul edilməsi də ikitərəfli iqtisadi gündəliyin genişləndirilməsinə yönəlmiş mühüm addımlardan biri olmuşdur.
İnvestisiya əməkdaşlığı Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının ən mühüm istiqamətlərindən biridir. 1995–2025-ci illərdə Türkiyədən Azərbaycana yatırılmış birbaşa investisiyaların ümumi həcmi 18,4 milyard ABŞ dollarına çatmışdır. Bu vəsaitin 13,6 milyard ABŞ dolları neft-qaz sektoruna, 4,8 milyard ABŞ dolları isə qeyri-neft sektoruna yönəldilmişdir. Türk şirkətləri Azərbaycanda enerji, sənaye, telekommunikasiya, maliyyə, tikinti, nəqliyyat, qida, tekstil və səhiyyə də daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində geniş fəaliyyət göstərirlər.
Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi də ikitərəfli iqtisadi münasibətlərin miqyasını nümayiş etdirir. 1995–2025-ci illərdə Azərbaycandan Türkiyəyə birbaşa investisiyaların ümumi həcmi 21,1 milyard ABŞ dolları təşkil etmişdir. Hazırda Türkiyədə Azərbaycan sərmayəli 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan sərmayəsinin Türkiyədə həyata keçirdiyi ən iri layihələrdən biri SOCAR tərəfindən İzmirin Əliağa rayonunda 6,3 milyard ABŞ dolları həcmində kapitalla yaradılmış “STAR” neft emalı zavodudur. Azərbaycanlı investorların Türkiyədəki fəaliyyəti enerji sektoru ilə yanaşı, sənaye, petrokimya, logistika, maliyyə və digər istiqamətləri də əhatə edir.
İki ölkə arasında ticarət əlaqələri də ardıcıl olaraq genişlənməkdədir. Türkiyə Azərbaycanın həm idxal və ixrac əməliyyatlarında, həm də ümumi xarici ticarət dövriyyəsində əsas tərəfdaşlarından biridir. 2025-ci ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 5,72 milyard ABŞ dolları təşkil etmişdir. Həmin dövrdə Azərbaycanın Türkiyəyə ixracı 3,38 milyard ABŞ dolları, Türkiyədən idxalı isə 2,34 milyard ABŞ dolları həcmində olmuşdur. İki ölkə rəhbərliyi qarşıdakı dövrdə qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılmasını strateji hədəflərdən biri kimi müəyyən etmişdir.
İqtisadi əlaqələrin mühüm göstəricilərindən biri də Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayıdır. Hazırda Azərbaycanda 6 791 Türkiyə şirkəti qeydiyyatdan keçmişdir. Türkiyə şirkətləri, həmçinin, işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafının təmin edilməsi prosesində fəal iştirak edirlər. Hazırda həmin ərazilərdə Türkiyə şirkətlərinin iştirakı ilə 111 layihə həyata keçirilir.
Ticarət əlaqələrinin daha da genişləndirilməsi baxımından Preferensial Ticarət Sazişi mühüm əhəmiyyət kəsb edir. 2020-ci ildə imzalanmış və 1 mart 2021-ci ildə qüvvəyə minmiş Saziş çərçivəsində ilkin mərhələdə 15 məhsul üzrə güzəştli ticarət rejimi tətbiq edilmişdir. 2023–2024-cü illərdə həyata keçirilmiş dəyişikliklər nəticəsində güzəşt tətbiq olunan məhsulların siyahısı genişləndirilərək 30 məhsula çatdırılmışdır. Bu mexanizmin tətbiqi qarşılıqlı ticarətin şaxələndirilməsinə və qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinə əlavə imkanlar yaradır.
Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri enerji və nəqliyyat infrastrukturu sahəsində həyata keçirilən regional layihələrdir. İki ölkənin təşəbbüsü, iştirakı və dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ), Bakı-Tbilisi-Qars (BTQ) və Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) kimi beynəlxalq əhəmiyyətli layihələr reallaşdırılmışdır.
BTC və BTƏ layihələri Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması imkanlarını genişləndirməklə yanaşı, Türkiyənin regional enerji tranziti və təchizatı baxımından mövqeyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir. TANAP isə Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqlində strateji əhəmiyyət daşıyır. Layihə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, enerji təchizatı mənbələrinin şaxələndirilməsinə və regional enerji əməkdaşlığının inkişafına xidmət edir.
Nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən mühüm regional infrastruktur layihəsidir. BTQ xətti beynəlxalq yük və sərnişin daşımalarının genişləndirilməsinə, tranzit imkanlarının artırılmasına və regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə şərait yaradır. Eyni zamanda, layihə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin mühüm komponentlərindən biri kimi Azərbaycan və Türkiyənin tranzit-logistika imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyətə malikdir.
Ümumilikdə, Azərbaycan-Türkiyə iqtisadi münasibətləri qarşılıqlı investisiyalar, ticarət, enerji, nəqliyyat, logistika, sənaye və digər sahələri əhatə edən çoxşaxəli və strateji xarakterli tərəfdaşlıq modelinə çevrilmişdir. Qarşılıqlı investisiyaların yüksək səviyyəsi, genişlənən ticarət əlaqələri, birgə həyata keçirilən iri regional layihələr və mövcud institusional əməkdaşlıq mexanizmləri iki ölkənin iqtisadi potensiallarının daha səmərəli şəkildə əlaqələndirilməsi üçün möhkəm zəmin yaradır. Bu baxımdan, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının qarşıdakı dövrdə yeni sahələr hesabına genişlənməsi və daha da dərinləşməsi üçün əhəmiyyətli imkanlar mövcuddur.
Bu xüsusda, Azərbaycan Respublikasında 2025-ci il üzrə yerli istehsalçıların rekvizitləri və istehsal etdikləri məhsullar barədə məlumatla təqdim olunan link vasitəsilə tanış olmaq mümkündür.