2020-04-02

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

AZƏRBAYCAN RESPUBLİKASININ
N A Z İ R L Ə R K A B İ N E T İ
Q Ə R A R


Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə (2020-ci il 31 mart - 20 aprel) ölkə ərazisində aşağıdakı xüsusi iş (əmək) rejimi tətbiq edilsin:

1.1. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı” bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin;

1.2. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbərləri strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etsinlər və cəlb etdikləri günlər üçün il ərzində onlara əlavə istirahət günləri versinlər;

1.3. dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılsın;

1.4. bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin;

1.5. imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin;

1.6. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

2. “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarı ləğv edilsin.

3. Bu Qərar 2020-ci il 31 mart tarixindən qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 31 mart 2020-ci il
№ 122

Arxiv üzrə axtarış