2020-04-09

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin məlumatı

 Dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyə Respublikasında geniş yayılmış koronavirus infeksiyası (COVİD-19) ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən buraya müvəqqəti gəlmiş və hazırda Vətənə dönə bilməyən Azərbaycan Respublikasının vətəndaşlarının, həmçinin şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan maddi imkanları məhdud olan tələbələrimizin müəyyən bir qismi bəzi məişət və inzibati zəminli problemlərlə üzləşmişdir.

Hazırkı pandemiya şəraitində Azərbaycan ilə Türkiyə arasında hava və quru nəqliyyatının həyata keçirilmədiyini nəzərə alaraq, ölkə rəhbərliyimizin tapşırığına əsasən yuxarıda qeyd olunmuş kateqoriyadan olan vətəndaşlarımıza bu dövr ərzində dəstək göstərilməsi məqsədi ilə onlara 01.04.2020 tarixindən etibarən Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə müraciət etmələri üçün imkan yaradılmışdır.

Bununla bağlı Səfirliyə bu günədək daxil olmuş 16000-dən çox müraciətin bir qismi Səfirlik tərəfindən təhlil olunmuş və bu kateqoriyaya aid olan 6000-ə qədər vətəndaşımıza Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə qida və yaşayış təminatı ilə bağlı yardım edilmişdir. Hazırda qalan və yeni daxil olan müraciətlər də təhlil olunmaqdadır və mövcud vəziyyət davam etdiyi dövrdə bu kateqoriyaya aid ehtiyacı olan vətəndaşlarımıza dəstək verilməsi nəzərdə tutulur. Eyni zamanda, müraciətlərinə hələ ki cavab verilməyən vətəndaşlarımızdan bir az anlayışlı və təmkinli olmaq xahiş olunur.

Dövlət başçısının qeyd etdiyi kimi, bu çətin şəraitdə hamımız milli birlik, həmrəylik və məsuliyyət nümayiş etdirməliyik.

Vətəndaşlarımızdan eyni məzmunlu təkrar müraciətlər etməməyi xahiş edirik. Təkrar müraciətlər analiz edilir və cavablandırılması əlavə vaxta ehtiyac yaradır.  Qeyd etmək lazımdır ki, müraciətlərin təhlili zamanı yuxarıda qeyd olunmuş kateqoriyaya aid olmayan vətəndaşlarımız (Məsələn, Türkiyə Respublikasında daimi əsasla yaşayan vətəndaşlarımız, hazırda Türkiyə Respublikasının ərazisində olmayan vətəndaşlarımız və sair) tərəfindən də bu kampaniyaya müraciət etmə halları da müşahidə olunur ki, bu da əsaslı müraciətlərə cavabların verilməsində əlavə vaxt itkisinə səbəb olur.

Bunu nəzərə alaraq bir daha xatırlatmaq istərdik ki, təşkil olunmuş bu yardım kampaniyası qida və yaşayış təminatına ehtiyacı olan Türkiyə Respublikasına müvəqqəti gəlmiş və pandemiya səbəbindən Vətənə dönə bilməmiş Azərbaycan Respublikasının vətəndaşları, xüsusilə də şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan maddi imkanları məhdud olan tələbələrimiz üçün nəzərdə tutulmuşdur.

Bu məsələyə anlayış göstərdiyinizə görə təşəkkür edirik.

Arxiv üzrə axtarış