2020-04-20

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin məlumatı

Məlumat verildiyi kimi, dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyə Respublikasında geniş yayılmış koronavirus infeksiyası (COVID-19) ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində, ölkə rəhbərliyinin tapşırığına əsasən, Türkiyəyə müvəqqəti gəlmiş və hazırda Vətənə dönə bilməyən, bəzi məişət və inzibati zəminli problemlərlə üzləşən Azərbaycan Respublikasının vətəndaşlarının, həmçinin şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan və maddi imkanları məhdud olan tələbələrimizin müəyyən bir qisminə bu dövr ərzində dəstək göstərilməsi məqsədi ilə onlara 01.04.2020 tarixdən etibarən Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə müraciət etmələri üçün imkan yaradılmışdır.

Bununla bağlı Səfirliyə bu günədək daxil olmuş 22 000-ə yaxın müraciətin böyük bir qismi Səfirlik tərəfindən təhlil olunmuş və bu kateqoriyaya aid olan 10 000-ə qədər vətəndaşımıza Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə qida və yaşayış təminatı ilə bağlı yardım edilmişdir.

Qeyd edək ki, müraciət edən vətəndaşlarımızın rahatlığının artırılması, daxil olmuş müraciətlərin emalı prosesinin sistemləşdirilməsi və yardımların çatdırılması prosesinin sürətləndirilməsi məqsədilə bu gündən etibarən müraciətlərin qəbulu prosesinin yeni istifadəyə verilmiş elektron sistem üzərindən aparılmasına başlanılmışdır (www.support.edu.az).

Hazırda qalan və yeni daxil olan müraciətlər də təhlil olunmaqdadır və mövcud vəziyyət davam etdiyi dövrdə qeyd olunan kateqoriyaya aid olan vətəndaşlarımıza dəstək veriləcəkdir.

Eyni zamanda, şəxsi məlumatlar yanlış və ya natamam qeyd olunduğundan, bəzi müraciətlərə baxılması zamanı problemlər yaranmışdır ki, həmin şəxslərdən, hələ də dəstəyə ehtiyacı olduğu təqdirdə, yeni sistem üzərindən təkrar müraciət edərək, əvvəlki müraciətlərini tamamlamaqları xahiş olunur.

Bu məsələyə anlayışlı yanaşdığınıza görə təşəkkür edirik.

Arxiv üzrə axtarış