2023-11-14

Şuşa Mədəniyyət Günləri çərçivəsində “Əziz şəhər Şuşa” kitabının təqdimat mərasimi keçirilib

Şuşa Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinn və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı iıə Türkiyə Respublikası Prezidenti Administrasiyası Millət Kitabxanasında “Paşa Həyat Sığorta”nın sponsorluğu ilə İrs Nəşriyyat Evində türk dilində işıq üzü görmüş “Əziz şəhər Şuşa” kitabının təqdimat mərasimi keçirilib.
Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin dövlət himni ilə başlayan mərasimi Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış nitqi ilə açaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Azərbaycan xalqı üçün mənəvi dəyərindən danışıb.
İrs Nəşriyyat Evinin direktoru Musa Mərcanlı çıxışında kitabın hazırlanması prosesindən danışıb və işğaldan azad olunmuş ərazilərlə bağlı yeni kitabların nəşrinin nəzərdə tutulduğunu qeyd edib.
“Paşa Həyat Sığorta”nın İdarə Heyətinin sədri Niyaz İsmayılov rəhbərlik etdiyi şirkətin Azərbaycanı təbliğ edən kitabların nəşrinə xüsusi diqqət yetirdiyini vurğulayıb və bu kitabların ölkəmizin dünyada tanıdılmasına töhfə verdiyini qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov təqdim edilən kitabın Şuşanın işğaldan azad edilməsindən sonra belə bir nəfis tərtibatda nəşr olunan ilk kitab olduğunu və oxucular tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.
TÜRKSOY Baş katibi Sultan Rayev Qarabağın mirvarisi Şuşanın bütün türk dünyası üçün azadlıq simvolu olduğunu qeyd edib və bu kitabın Şuşanın tarixinin tanıdılmasında mühüm rol oynayacağını qeyd edib.
Türkiyə Respublikası Prezidentinin Baş müşaviri Yalçın Topçu Azərbaycanın Ümummilli lideri, Türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin sözlərinə istinad edərək, Şuşanın “Azərbaycanın gözü olduğunu bildiib, mədəniyyət beşiyinin işğaldan azad olunması münasibətilə Türk dünyasını bir daha təbrik edib.
Proqramın sonunda Millət Kitabxanasındakı mövcud Azərbaycan guşəsinə “Əziz şəhər Şuşa” kitabları hədiyyə olunub.
Proqramda Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Türkiyədən dövlət rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri və ictimai xadimlər iştirak edib.

Arxiv üzrə axtarış